Bütün yollar Bakıya dönür... Bakıdan isə Zəngəzura! | Ədalət Verdiyevin yazısı

İsrailin baş nazirindən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Türkiyə mənbələri xəbər verir ki, Ərdoğan ikitərəfli hökumətlərarası komissiyanın dördüncü birgə iclasında iştirak etməyə gələcək. Amma iclasda iştirak etmək, təbii ki, Azərbaycan və Türkiyə prezidentlərinin digər məsələləri müzakirə etmələrinə mane olmur.
Beləliklə, İran-İsrail, İran-ABŞ, Türkiyə-İsrail, İsrail-Suriya və s. gərgin münasibətlərin aydınlaşdırılması üçün Bakı alternativi olmayan platformadır. İran mövcud vəziyyətdə Azərbaycanın imkanlarından istifadə etməyə çalışır. Tehran üçün Ermənistanın əhəmiyyəti getdikcə azalır. Proses bir qədər də sürətlənəcək.
Ermənistan regional sülhə təhdid yaradan ölkə olduğu halda, Azərbaycan qlobal təhlükəsizlik və əməkdaşlıq üçün alternativsiz məkana çevrilirsə, İran da doğru qərar qəbul etmək və işğalçılıq tarixinə malik Ermənistandan bir qədər aralanmaq məcburiyyətindədir. Bu gün bir çox nüvə dövlətlərini və inkişaf etmiş ölkələri narahat edən problemlərin həlli yolları məhz Azərbaycanda İlham Əliyevin iştirakı ilə müzakirə olunur.
Azərbaycan dost, müttəfiq və ya qonşu ölkələri bir araya gətirmək, onların arasındakı fikir ayrılıqlarını danışıqlar masası ətrafında müzakirə edib, tərəfləri qane edəcək qərarların qəbulu üçün daim çalışıb, çalışır və çalışacaq. Yəqin ki, Rusiya və NATO generallarının Bakıdakı görüşlərini hamı yaxşı xatırlayır. Bir neçə gün əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirildi. Həmin görüşdə Suriyada tərəflər arasında toqquşmaların qarşısının alınması mexanizminin yaradılması geniş müzakirə olundu. Vaxtilə bütün məsələlərdə Ermənistanı dəstəkləyən Suriyanın taleyi bu gün Azərbaycanda müzakirə olunur. İlham Əliyevin apardığı ardıcıl siyasət həm Azərbaycanı yeni əsrin tək qalib ölkəsinə, həm də regional gücdən "orta güc" dövlətinə çevirdi.
21-ci əsrin tək fərari dövləti olan Ermənistanın isə Azərbaycanın artan nüfuzunun qarşısını almaq üçün heç bir real mexanizmi mövcud deyil. Odur ki, silahlanmaq və atəşkəsi pozmaq əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Zəngəzur dəhlizini açmalıdır. Araz dəhlizi ilə paralel maneəsiz Zəngəzur dəhlizi də açıq olmalıdır. Əks halda Zəngəzur dəhliz Zəngilandan deyil, tamam başqa bir ərazidən - məsələn Kəlbəcərdən və ya Laçından açıla bilər.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Diplomatiya Geosiyasət